I Artavazd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
I Artavazd
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 59
Vəfat tarixi e.ə. 20
Vəfat yeri
Fəaliyyəti suveren[d]
Uşaqları

I ArtavazdAtropatenanın Atropatidlər sülaləsindən olan hökmdarlarından biridir.

Həyatı haqqında mənbələrdə məlumat az olsa da siyasi fəaliyyəti ilə bağlı məlumatlar vardır. Onun siyasi fəaliyyəti çox çətin bir dövrə təsadüf etmişdir. Belə ki, I Artavazdın hakimiyyətdə olduğu dovrdə romalılar Atropatenaya yürüş etmişlər. Həmçinin, onun hakimiyyəti Roma-Parfiya müharibəsi dövrünə təsadüf etmişdir.

E.ə. 36-cı ildə Antoninin Misir hökmdarı Kleopatra ilə nikah bağlaması onu böyük bir ölkənnn hakimi-mütləqinə çevirir və Antoniyə Makedoniyalı İskəndər kimi möhtəşəm bir Asiya fövqəldövləti yaratmaq planlarının gerçəkləşəcəyinə inam verir. Bu ümidlərlə Kleopatradan doğulmuş oğlunun adını İskəndər qoyan Antoni Parfiya üzərinə yeni yürüşə başlayır. Parfiyalılar onu Fərat çayı sahilində gözləyirdilər. Antoni isə erməni və Pont çarlarının qoşunlarını da özünə birləşdirərək, Ermənistan ərazisindən şimala yeriyir və Midiya-Atropatenadan keçməklə parfiyalılara arxadan zərbə endirmək istəyir. Onun bu planına görə, Atropatenanın təpəlikləri məşhur Parfiya süvarilərinin döyüş gücünü zəiflətməli idi. Vəziyyətin ciddiliyini görən parfiyalılar öz aralarındakı ziddiyyətləri unudaraq, Parfiya şahı IV Fraatın ətrafında sıx birləşirlər. Öz ölkəsi üçün ağır bir vaxtda əvvəllər parfiyalılarla düşmən münasibətdə olmuş Atropatena şahı I Artavazd da onlarla ittifaqa girir. Qırx minlik parfiyalı süvariyə 10 minlik atropatenalılar da qoşulur. Atropatenanın müəyyən bir hissəsini çətinliklə də olsa keçəndən sonra Antoni böyük bir taktiki səhv buraxır. O, silah, sürsat və texniki avadanlıq daşıyan 300 ağır arabanı Oppi Statsianın leqatasında qoyaraq, öz əsas hərbi qüvvəsini irəli çəkir. Antoni qəflətən Atro-patena paytaxtı Fraaspa girməyi, Artavazdın ailəsini əsir tutmağı planlaşdırırdı. Lakin Antoni şəhərə yaxınlaşdığı zaman görür ki, Fraasp uzun müddətli müdafiə üçün tam hazırlıqlı vəziyyətdədir. Antoni mühasirəyə hazırlaşdığı müddətdə parfiyalılarla atropatenalılar onun yük arabalarını ələ keçirirlər. Oppi Statsian ölür, Pont çarı əsir düşür, erməni çarı isə Statsianın aqibətindən qorxaraq, geriyə, Ermənistana qaçır. Antoninin bütün sürsatı və texniki avadanlığı məhv edilir. Elə bu da onun Atropatana yürüşünün taleyini həll edir. Antoninin qoşunu Fraasp ətrafında mühasirəyə salınır. Müttəfiq qoşunları onun əskərlərini gündəlik hücumlarla sarsıdırlar. Qışın yaxınlaşması romalıları məcbur edir ki, Atropatenanı tərk edərək, artıq dağ yolları ilə Ermənistana çəkilsinlər. Onların itkiləri sayagəlməzdir. Belə güman edilir ki, Atropatenada 35 min nəfərdən artıq romalı öldürülüb.

Roma-Parfiya münaqişəsi dövründə öz miqyasına görə bənzəri olmayan Azərbaycan yürüşü tam məqlubiyyətlə başa çatır. Antonini bu yürüşə Kleopatra həvəsləndirmişdi. Akademik İqrar Əliyev göstərir ki, "Atropatena çarı böyük qələbəni bayram edir. Bu qələbə həm də ona görə əhəmiyyətli idi ki, böyük qənimət ələ keçirilmişdi. O, Oppi Statsiandan aldığı Roma bayraqlarının sahibi idi. Pont çarı Polemon onun əsiri idi. Bütün bunlarsa Atropatenanın və çar Artavazdın nüfuzunu yüksəltməyə bilməzdi."

Bu hadisələrdən sonra görünür, Artavazd öz qələbəsindən parfiyalıların Atropatenadan çıxarılması üçün istifadə etmək fikrinə düşür. Onunla IV Fraat arasında mübahisə yaranır. Bu münaqişənin formal səbəbi qənimətin bölüşdürülməsi olur.

E.ə.35-ci ildə Artavazd öz əsiri çar Polsmonu elçi sifətində sülh və ittifaq təklifləri ilə Antoninin yanına gendərir. Bu, Antoninin planlarını dəyişir və o, Parfiya yürüşünü davam etdirmək qərarına gəlir. Buradan da belə bir nəticə çıxarmaq mümkündür ki, Artavazdın nüfuzu və hərbi qüdrəti yüksək idi. Atropatenalılarla birlikdə parfiyalılar üzərinə yürüşə getməzdən qabaq Antoni ona xəyanət etmiş Ermənistan çarı ilə haqq-hesab çəkmək fikrinə düşür. O, qoşunlarını Ermənistana çəkir. Burada Artavazd Oppi Statsiandan aldığı Roma bayraqlarını ona qaytarır. Ermənistan çarı tutulub, əl-qolu bağlı vəziyyətdə hədiyyə kimi Kleopatraya göndərilir. Elan edilir ki, Ermənistan işğal olunmuşdur. Bundan sonra Antoni İskəndəriyyəyə qayıdır. Orada Ermənistan üzərində qələbəni bayram edir və erməni çarını qızıl qandalda hüzuruna gətizdirir.

Antoni Kleopatradan olmuş kiçik yaşlı oğlu İskəndəri Artavazdın qızı İotana ilə nişanlayır. Bu mərasim münasibətilə oğlunu Parfiya, Atropatena və Ermənistan çarı elan edir.

Atropatenalı Artavazd möhtəşəm Parfiya ilə təkbətək qalır və təbii ki, bu da onu güclü surətdə narahat edir. Nəhayət, e.ə. 33-cü ildə Antoni Ermənistandan keçərək, qərbə doğru irəliləyir. Lakin hələ yolda ikən İtaliyadan təşviş doğuran xəbərlər alır. Onun Oktavianla müharibəsi başlayır. Artavazda az miqdarda qoşun və Ermənistanın bir hissəsini verərək, Antoni geri qayıdır. Artavazd Parfiya və Ermənistanın müttəfiq qoşunları ilə üz-üzə qalır. Roma dəstələrinin köməyi ilə ilk vaxtlar o, düşmənin hücumlarına mətanətlə sinə gərir. Lakin az sonra Antoni öz dəstələrini Oktavianla döyüşə cəlb olunmaq üçün geri çağırır və Artavazd məğlub olaraq, parfiyalılara əsir düşür. Əsirlikdən tezliklə qaça bilən Atropatena şahı Plutarxın göstərdiyinə görə, e.ə. 31-ci ildə Oktavianla Aktsiya yaxınlığında həlledici döyüşə girmiş Antoniyə kömək də göndərir. Lakin bunun xeyri olmur, vuruş Oktavianın tam qələbəsi ilə başa çatır. Onun donanması Kleopatra və Antoninin donanmasını məhv edir. Çıxılmaz vəziyyətdə qalan Kleopatra Ermənistan çarının başını kəsərək, Atropatenaya, Artavazda göndərir. O, ümid edirdi ki, Artavazd Oktavianla müharibəni davam etdirməkdən ötrü kömək köndərə bilər. Lakin hadisələr başqa cür inkişaf etməyə başlayır. Antoni və Kleopatra Qay Sezar Oktaviana məğlub olurlar. Oktavian Roma imperiyasının taxtına sahib olur. Bundan sonra o, Artavazdın Roma qarşısında xidmətlərini nəzərə alaraq, həmçinin parfiyalıları bir qədər neytrallaşdırmaqdan ötrü Atropatena çarına himayədarlıq edir. O, Ermənistan hökmranlığını Artavazda tapşırır, İotananı geri qaytarır.Artavazdın arzusu çin olur – o, birdən-birə iki çarlığın, Atropatena və Ermənistanın hakiminə çevrilir.Lakin bu vəziyyət uzun çəkmir və onun varisləri dövründə qazandığı ərazilər itirilir.