Meyrid Korriqan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Meyrid Korriqan
ing. Mairead Corrigan Maguire
Doğum tarixi (80 yaş)
Doğum yeri Belfast, Şimali İrlandiya
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Milliyyəti irland
Təhsili
Fəaliyyəti sülh aktivisti, siyasətçi
Mükafatları Nobel mükafatı Nobel sülh mükafatı (1976)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meyrid Korriqan ing. Mairead Corrigan Maguire, (27 yanvar 1944, Belfast) — Nobel sülh mükafatı laureatı (1976) ("Sülh və əmin-amanlıq uğrunda cəsarətli səylərinə görə")[1].

Meyrid Korriqan 1944-cü il yanvarın 27-də Belfast şəhərinin Follz-Roud rayonunda (Şimali İrlandiya) anadan olmuşdur. Endrü və Marqaret Korriqanın yeddi övladından ikincisi olan Meyrid katolik təhsilini evdə və Belfastın özəl məktəblərində almışdır. Şüşətəmizləyən olan atası təhsil pulunu ödəyə bilmirdi. Bu səbəbdən də Meyrid 14 yaşında məktəbi atmalı oldu və başqalarının uşaqlarına baxmaqla pul toplayıb kommersiya məktəbinə daxil oldu. Bir müddət mühasib köməkçisi işlədikdən sonra o, Belfastdakı Qinnes pivə zavodunun direktorunun katibəsi vəzifəsinə işə düzəldi. onda Meyridin 21 yaşı var idi. Meyrid Korriqanın Katolik xeyriyyə təşkilatı olan Mariya Legionuna daxil olması onu ictimai fəaliyyətə meylləndirdi. Valideynləri ilə birgə Belfastın yoxsul rayonu olan Andersonstauna köçən Meyrid Korriqan icma klubunun və uşaq bağçasının təşkilində də fəal iştirak etdi. O dövrlərdə Şimali İrlandiyada vəziyyət kəskin şəkildə mürəkkəbləşmişdi. Katolik azlıq protestant əhaliyə getdikcə daha çox düşmən münasibət bəsləyirdi. 1969-cu ildə katolik və protestantlar arasında yaranan zorakılıq dalğası ictimai asayişi böyük təhlükə qarşısında qoydu. 1972-ci ildə zorakılığın növbəti dalğasından sonra Britaniya hökuməti protestantların çoxluq təşkil etdiyi Şimali İrlandiya parlamentini buraxdı və birbaşa Londondan idarə edilən rejim yaratdı. Münaqişə zonasında olarkən Meyrid Korriqan partlayış və digər terror aktlarının şahidi oldu. O, katolik Andersonstaunda gəncləri Britaniya əsgərlərinə münasibətdə təxribatı dayandırmağa inandırdığı Mariya Legionunda çalışmaqda davam edirdi. 1971-ci ildə Britaniya hökuməti Lonq-Keşdə məhkum edilmiş terroristlər üçün həbs düşərgəsi təşkil etdi. Meyrid Korriqan məhbuslara xristian olduqlarını xatırlatmaq üçün və sonralar özünün izah etdiyinə görə İsa peyğəmbərin zorakılığa çağırmadığını onlara anlatmaq üçün məhbuslara baş çəkirdi. Növbəti il Meyrid Korriqan Ümumdünya Kilsələr Şurasının yığıncağında iştirak etmək üçün Banqkoka yola düşür. 1973-cü ildə isə Sovet İttifaqına səyahəti zamanı kommunist cəmiyyətində din haqqında filmin çəkilişində iştirak etmişdir.

İrlandların tədricən alışdıqları zorakılıq zəncirində bir hadisə Meyrid Korriqanın həyatında dönüş yaratdı. 1976-cı il avqustun 10-da Britaniya əsgərləri qovhaqov zamanı İrlndiya Respublikası Ordusunun (İRO) üzvünü avtomobilin sükanı arxasında güllələmiş və o da idarəetməni itirərək Meyridin bacısı Enn Meqri və onun yanında olan üç övladını vurmuşdu. Bədbəxt hadisə zamanı uşaqlar həlak oldular. Dəfndən üç gün sonra Meyrid Korriqan televiziyada çıxış etdi. O, böyük riskə gedərək İRO-nun fəaliyyətini pislədi. İrland mənşəli amerikalıları İRO-na pul vəsaiti verməklə dəstəkləməməyə inandırmaq üçün Meyrid 1976-cı ilin oktyabrında ABŞ-yə səfər etmişdir.

1981-ci ildə Meyrid Korriqan öz yeznəsi Cek Meqirə ərə getdi. Çünki bacısı Enn Meqir üç övladının həyatına son qoymuş hadisədən bir müddət sonra özünə qəsd etmişdi. Bu nikahdan onların iki qızı və üç oğlu dünyaya gəldi.

Sülh ideallarının və ədalətin qızğın müdafiəçisi Meyrid Korriqan dünyanın 25-dən artıq ölkəsinə səfər etmişdi. 1993-cü ildə altı Nobel mükafatçısı ilə birlikdə Tailanda səfər edib, oradan da Birmaya keçib. 1991-ci ildə Nobel mükafatına layiq görülmüş, lakin siyasi fəaliyyətinə görə həbsə məruz qalmış Aun San Su Çjiyə dəstək aksiyasının təşkilində iştirak etmişdi. Korriqan sonralar Nobel mükafatı almış Peres Eskivel Adolfonun dəvətilə Latın Amerikasına yollanmışdı. O, dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin əleyhinə keçirilən etiraz aksiyalarında fəal iştirak edir, bu gün də sülh uğrunda yorulmadan mübarizə aparır. Korriqan Amerikanın bir çox kollec və universitetlərinin fəxri doktorudur. O, Karl fon Osirsskinin "İnsan haqları və Beynəlxalq liqa üzrə Berlin seksiyasının fədakarlığa" görə medalı ilə təltif olunmuşdu.

  1. Qənirə Paşayeva, "Nobel mükafatlı qadınlar".Bakı, "Elm və təhsil", 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]